Fransa prezidenti AŞPA-da çıxış edib

Fransa prezidenti AŞPA-da çıxış edib
# 11 oktyabr 2016 13:19 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında Fransa prezidenti Fransua Olland çıxış edib.

APA-nın Avropa müxbirinin xəbərinə görə, F. Olland çıxışında əsasən Fransa ilə Avropa Şurası və digər Avropa qurumları arasındakı münasibətlərə, eləcə də dünyada baş verən əsas hadisələrə toxunub.

Son günlər Fransa-Rusiya münasibətlərinin gərginləşməsindən söz açan F. Olland, Paris və Moskva arasında böyük fikir ayrılığının olduğunu deyib və buna səbəb kimi Suriyada baş verənləri göstərib: “Fransa Suriya məsələsi ilə əlaqədar bir çox məsələlərdə Rusiya ilə ciddi şəkildə razı deyil. Fransanın Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnaməyə Rusiyanın veto qoyması Suriyada atəşkəsin əldə edilməsinə və bombardmanların dayandırılmasına mane oldu. Bunun nəticəsində əziyyət çəkən, bombardmanlar altında yaşamağa məcbur olan, həyatlarını itirən Suriya xalqıdır. Bu baxımdan, hesab edirəm ki, Rusiya ilə dialoq çox vacibdir, amma bu dialoq çox açıq və aydın olmalıdır. Əks halda bu, dialoqun imitasiyası olacaq. Mən Vladimir Putinlə görüşməyə hər zaman hazıram, amma əgər bunun nəticəsində sülhün əldə edilməsi, bombardmanların dayandırılması və atəşkəsin əldə edilməsi istiqamətində irəliləyişə nail ola biləcəyiksə...”

F. Olland Türkiyə ilə dialoqun önəmini də vurğulayıb: “Çünki Türkiyə Suriya məsələsində çox mühüm rol oynayır, qaçqınların qəbul edilməsi məsələsində mühüm səylər göstərir, Suriya məsələsinin həllində marağı olan ölkədir. Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə cəhd baş verdi. Türkiyə belə bir vəziyyətlə üz-üzə gəldi, amma Türkiyə eyni zamanda vəziyyətin ağırlığına və ölkədə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, bizi birləşdirən prinsip və dəyərlərə hörmətlə yanaşmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR