ABŞ səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq

ABŞ səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq
# 30 noyabr 2017 13:33 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək IX "CEO Lunch Baku"da iştirak edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

O qeyd edib ki, bu "CEO Lunch Baku" Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. "CEO Lunch Baku"da iştirak üçün rəsmi dəvət də SOCAR-ın prezidenti Rövnəq Abdullayevə göndərilib.

T.Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkəmizin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyir: "Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcəkdir".

"Caspian American Club"un ötən ilin dekabrında yaradıldığını xatırladan T.Əliyev "Caspian American Club"un fəaliyyətinə və 2018-ci il iyunun 4-də keçiriləcək "Caspian American Forum Baku"ya göstərilən diqqət və qayğıya görə ABŞ səfirliyinə öz minnətdarlığını bildirib.

"Caspian European Club" və "Caspian American Club"un sədri prezident İlham Əliyevdir.

Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş "CEO Lunch Baku" "Caspian American Club"un yaranmasının ildönümündə təşkil olunur.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun qurulmasında mühüm vasitələrdən olan "CEO Lunch" həmçinin qeyri-rəsmi şəraitdə yeni işgüzar əlaqələrin yaradılması və nizamlanması üçün əlavə imkanlar yaradır.

Tədbirdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, regionda fəaliyyət göstərən şirkətləri maraqlandıran məsələlərə toxunulur. "CEO Lunch" həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi təklifinin müzakirə edilə biləcəyi platforma rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR