Çin neft idxalına görə yenidən ABŞ-ı ötüb

Çin neft idxalına görə yenidən ABŞ-ı ötüb
# 13 oktyabr 2016 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Çin sentyabr ayında rekord həcmdə neft alıb və bununla da dünyanın ən iri neft idxalçısı olan ABŞ-ı geridə qoyub.

APA-Economics”in “Reuters” agentliyinə istinadən məlumatına görə, rəsmi Pekin strateji ehtiyatlarını artırmaq üçün ucuz xammal idxalını çoxaldıb.

Sentyabrda Çin illik müqayisədə neft idxalını 18% və ya 33,06 mln. ton, yaxud da gündəlik olaraq 8,04 mln. barelə qədər artırıb. Bu ilin 9 ayında isə Çin neft idxalını 14% artıraraq 284 mln. tona və ya gündəlik olaraq 7,55 mln. barelə çatdırıb. Bu barədə ölkənin baş gömrük idarəsinin statistik məlumatında deyilir: “Bu, ABŞ-ın idxal etdiyi neftin həcmindən yüksəkdir. ABŞ-ın Enerji İdarəsinin (EİA) məlumatına görə, sentyabrın sonuna bu rəqəm gündəlik olaraq 7,98 mln. barel təşkil edib”.

Bununla da, Çin bu il ərzində artıq ikinci dəfədir ki, neftin idxalına görə ABŞ-ı geridə qoyur. Bu ölkə neftin bir barelinin qiymətinin 42 dollardan aşağı düşdüyü zamanda daha çox neft alıb.

Qeyd edək ki, Çində neft emalı zavodlarında təmir mövsümü ənənəvi olaraq üçüncü rübə düşür ki, bu da rəsmi Pekini idxalı artırmağa sövq edir. ABŞ neft emalı zavodlarında isə təmir mövsümü oktyabrda da davam edir.

Özünün strateji ehtiyatlarını artırmaq üçün Çin yeni inşa etdiyi anbarları bu ilin sonuna qədər doldurmağı planlaşdırır. Treyderlərin sözlərinə görə, bu anbarlar təxminən 19 mln. barel neft qəbul etmək gücündədir ki, bu da 3 günlük idxala bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR