FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti təlim keçirib

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti təlim keçirib
# 30 may 2018 14:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakının Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimdə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Sumqayıt şəhər və Binəqədi rayon icra hakimiyyətlərinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Polis və Təhsil şöbələrinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri və çimərlik operatorlarının məsul şəxsləri iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd çimərliklərdə və üzgüçülük hovuzlarında təhlükəsizliyə məsul şəxslərə su hövzələrində təhlükəsizlik və davranış qaydaları haqqında məlumat vermək, həmçinin sularda axtarış-xilasetmə işlərini praktiki olaraq nümayiş etdirmək olub.

Tədbirdə çıxış edən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev Xidmətin fəaliyyət istiqamətlərindən, çimərlikdə təhlükəsizlik və davranış qaydalarından və həyata keçirilən müvafiq maarifləndirmə işlərindən danışıb.

Daha sonra “My Beach” istirahət mərkəzinin ərazisində canlı qüvvə və texnikanın iştirakı ilə təlim keçirilib. Təlimdə müasir standartlara cavab verən yeni xilasetmə texnika və avadanlıqları nümayiş olunub, suda şərti xilasetmə əməliyyatları keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR