“Yeni doğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib

“Yeni doğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib
# 07 dekabr 2016 13:22 (UTC +04:00)

Bu gün Respublika Perinatal Mərkəzi (RPM) və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) birgə təşkilatçılığı ilə “Yeni doğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda RPM-in direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova çıxış edərək tədbirin keçirilməsinin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, bəzi irsi xəstəliklər valideynlər vasitəsilə nəsildən-nəslə ötürülür. Onun sözlərinə görə, çox zaman gizli qalan xəstəliklər müəyyən zamanda özünü büruzə verir: “Bunlar hansısa səbəbdən sonra yaranır və inkişaf edir”.

“Yeni doğulanlarda irsi anadangəlmə xəstəliklərin erkən diaqnostikasının müasir aspektləri” mövzusunda məruzə ilə çıxış edən respublikanın baş pediatrı Nəsib Quliyev qeyd edib ki, irsi xəstəliklər irsiyyət faktorları ilə izah olunur. Onun sözlərinə görə, bu gün genetik skrininq yalnız bəzi özəl və təsərrüfat xarakterli tibb müəssisələrdə aparılır: “Amma onun həyata keçirilməsi çox maliyyə vəsaiti tələb edir. İrsi xəstəliklərin elə növü var ki, onun müayinəsi üçün yeni doğulan uşaqların hamısı yoxlanmalıdır”.

RPM-in direktor müavini, həkim-neonatoloq Məryam Rzayeva “Respublika Perinatal Mərkəzində aşkarlanan genetik xəstəliklər” təqdimatı ilə çıxış edib: “Keçən ilin noyabrından perinatal diaqnostikanın bir üsulu olan amniosentez aparılır. 27 nəfər hamilə qadında amniosentez müayinəsi aparılıb. Onlardan 23 hamilə qadın Talassemiya Mərkəzindən göndərilib, qalanlarda isə perinatal skrininq zamanı xromosom xəstəlikləri riski aşkar edildiyi üçün amniosentez aparılaraq sitogenetik müayinəyə göndərilib. Ötən il mərkəzdə 645 pasiyent tibbi genetik müayinədən keçib. Onlardan 438 nəfər konsultativ poliklinika, 121-i hamiləliyin patologiyası şöbəsində, 47-si zahılıq şöbəsində, 39-u yeni doğulmuşlar arasında aparılıb".

“Yenidoğulanlarda neonatal skrininq” barədə təqdimatla məruzə edən RMDM-in mütəxəssis-genetiki Elxan Rəsulov Azərbaycanda geniş yayılmış genetik xəstəliklərdən olan talassemiya və hemofiliyanın gələcək nəslin sağlamlığı üçün yaratdığı fəsadlara nəzər yetirib. O vurğulayıb ki, vaxtında aparılan diaqnostika və müalicə gələcəkdə genetik xəstəliklərin qarşısını almağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR