"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu"nun fəaliyyətində nöqsanlar aşkarlanıb

"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu"nun fəaliyyətində nöqsanlar aşkarlanıb
# 31 iyul 2017 11:07 (UTC +04:00)

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

"APA-Economics" Hesablama Palatasının saytında yer alan məlumata istinadən xəbər verir ki, cəmiyyətin tabeliyində olan 15 idarədən 9-u yaşıllaşdırma idarələri, 6-sı isə digər yönümlü (İxtisaslaşdırılmış kompleks mexanizasiya idarəsi, Suvarma sistemlərinin quraşdırılması və istismarı idarəsi, Xəzər dəniz suyunun duzsuzlaşdırılması idarəsi, Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik idarəsi, Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat mərkəzi, Tingçilik idarəsi) idarələrdir.

Audit cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilmiş və ümumilikdə 18 mln. 631,2 min manat məbləğində vəsaiti əhatə edib.

Cəmiyyət tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib və nəticədə xərclərə olan proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanılıb, büdcə vəsaitinin istifadəsi üzrə əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə dərəcələrə görə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılmış və icra edilib, büdcə vəsaitlərinə artıq tələbat yaradılıb, öhdəliyə qəbul olunmadığı halda 2015-ci ildə 2 yaşıllaşdırma idarəsinin içməli suya görə əvvəlki dövrün kreditor borcları ödənilib, tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşma mövcud olmayıb, uyğun xüsusiyyətli müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsi fərqli olub.

Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3,2% az olub.

Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsi büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaradıb, 1 halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin balansında olan meşə zolağına 2016-cı ilin sentyabr-dekabr ayları ərzində dövlət müəssisəsi tərəfindən xidmət göstərilib.

Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınmış yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidən qurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.

Hesablama Palatasının kollegiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların ləğv edilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın surəti və müvafiq təqdimat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC-yə, həmçinin müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi məqsədilə qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR