BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıqla əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib

BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıqla əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib
# 27 avqust 2015 12:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakı Biznes Mərkəzində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və BMT-nin bu mühüm Sammitinin ölkə başçısı İlham Əliyevin himayəsi ilə keçiriləcəyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoq sahəsində qlobal səviyyədə həyata keçirdiyi layihələrin, xüsusilə ölkə başçısı İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, belə bir yüksək səviyyəli tədbirin ölkəmizdə keçirilməsinə BMT tərəfindən etimad göstərilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə təqdimatla çıxış edib. Təqdimatda Qlobal Forumun ev sahibi ölkəsi üçün əhəmiyyəti, onun imicinin müsbət təsirləri və müasir beynəlxalq çağırışlarla bağlılığı qeyd edilib.

İclas zamanı Təşkilat Komitəsinin üzvləri - təhsil nazirinin müavini Firudin Qurbanov, daxili işlər nazirinin müavini Oruc Zalov, dövlət miqrasiya xidməti rəisinin müavini Pərviz Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz Ismayılov və digərləri çıxış edərək tədbirlə bağlı təmsil etdiyi qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildirib, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin tez bir zamanda müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR