Nazirliyin elektron xidməti vasitəsilə 100 mindən çox şəxsə iş yerinə dair e-arayış verilib

Nazirliyin elektron xidməti vasitəsilə 100 mindən çox şəxsə iş yerinə dair e-arayış verilib
# 12 avqust 2015 08:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı cari ilin yanvar ayı ilə müqayisədə 86% artaraq iyul ayında 18 547 nəfər təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu e-xidmət vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və əziyyət sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yerinə dair e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, həmin müqavilənin müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilə bilər. Vətəndaşlar aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində işlədikləri halda öz seçimləri əsasında bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdirlər.

Eyni zamanda, e-arayışın təqdim edildiyi təşkilatlar sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, e-arayışdakı məlumatların, o cümlədən əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlaya bilirlər. Bütün bunların nəticəsi kimi, iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesi getdikcə sürətlənir. Ötən ilin dekabrında istifadəyə verilən və həmin vaxtdan da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlərdən biri olan “İş yerinə dair arayış” e-xidmətindən cari il avqustun 1-dək artıq 106 942 dəfə istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR