TAP: Layihə üzrə inşaat işlərinin 65%-i tamamlanıb

TAP: Layihə üzrə inşaat işlərinin 65%-i tamamlanıb
# 23 yanvar 2018 11:38 (UTC +04:00)

Trans-Anadolu (TAP) qaz boru kəmərinin tikintisi üzrə işlər qrafikə uyğun aparılır.

APA-Economics”in məlumatına görə, bunu “Anadolu” agentliyinə müsahibəsində TAP-ın kommunikasiya üzrə rəhbəri Liza Givert bildirib.

Onun sözlərinə görə, artıq 2017-ci ilin sonunda TAP üzrə layihələndirmə, satınalma və inşaat üzrə işlərin 65%-i tamamlanıb.

O bildirib ki, bu ilin yanvar ayının ortalarına olan məlumata görə, Yunanıstanda boru kəmərinin keçəcəyi 518 km məsafə təmizlənib, 473 km boru bərkidilib, 457 km-dən artıq boru isə qaynaq edilib: “Artıq boru kəmərinin keçəcəyi 362 km məsafədə boruların ətrafı doldurulub və 265 km sahə bərpa edilib”.

Onun sözlərinə görə, Albaniyada boru kəmərinin keçəcəyi sahənin təxminən 168 km-i təmizlənib və marşrut üzrə qazılıb: “Bu ölkədə də 163 km uzunluğunda boru kəmərləri bərkidilib, 157 km boru xətti qaynaq edilib, 133 km boru kəmərləri düzülüb. Boruların təxminən 116 km-i isə bərpa edilib. Bu o deməkdir ki, Yunanıstan və Albaniya arasında TAP marşrutu üzrə 90% təmizlənmə və yerləşdirmə işləri aparılıb. Başqa sözlə, marşrut üzrə 765 kilometrdən 687 km sahə artıq təmizlənib”.

L. Givert həmçinin bildirib ki, onlar bu ərazidən keçəcək tunelin yerləşəcəyi sahədən zeytun ağaclarını yığışdırıblar: "TAP-ın podratçısı “Saipem” şirkəti hazırda tunelin tikintisinə hazırlaşırlar. Bəzi müvəqqəti yolların və meydançaların hazırlanmasından sonra, şirkət tunelin inşasına başlamaq üçün qazma işlərinə başlayacaq”.

L. Givert bildirib ki, layihə qrafik üzrə gedir və TAP 2020-ci ildə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq təbii qazı qəbul etməyə hazır olacaq.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR