Ümumi təhsil pilləsində təhsil alanların yekun attestasiyasının aparılması qaydaları hazırlanacaq

Ümumi təhsil pilləsində təhsil alanların yekun attestasiyasının aparılması qaydaları hazırlanacaq
# 23 yanvar 2017 15:07 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli, 498 nömrəli qərarının icrası barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli, 498 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Əmrə əsasən Təhsilin inkişafı proqramları şöbəsi, Ümumi və məktəbəqədər təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi Hüquq şöbəsi ilə birlikdə bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsil alanların attestasiyasının aparılması, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının layihələrini hazırlayıb razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına göndərməsini təmin etməlidir.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı nəzərə alınmaqla, “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” barədə pedaqoji kollektivlərin məlumatlandırılmasını və valideynlərə müvafiq izahatların verilməsini təmin etsinlər.

Görülmüş işlər barədə 1 (bir) ay müddətində Təhsil Nazirliyinə yazılı məlumat verməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR