Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun bir qrup zabiti cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun bir qrup zabiti cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar
# 24 iyun 2015 15:26 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyinin və Respublika Hərbi prokurorluğunun bir qrup zabiti 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər. Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.

Vurğulanıb ki, yaşayış məntəqələrindən uzaqda, xüsusilə düşmənlə təmas xəttində və çətin şəraitdə qulluq edən hərbi qulluqçuların vətənpərvərlik və döyüş ruhunu, əhval-ruhiyyəsini yüksəltmək, onların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək üçün əlavə tədbirlərin keçirilməsi olduqca zəruridir. Bu məqsədlə hər il Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyinin və digər qoşun növlərinin komandanlıqları ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir. 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə tədbirlər planına əsasən həmin qurumların məsul əməkdaşları cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar. Onlar əvvəlcə birlik, birləşmə və hərbi hissələrin ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərlə söhbətlər aparmış, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıblar. Hərbi hissələrdəki əsgər yataqxanaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin məsul əməkdaşları əvvəlcə 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Respublika Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin hərbi qulluqçulara ünvanladıqları təbrik məktubları oxunub və ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulanıb.

Hərbi prokurorluq əməkdaşları öz çıxışlarında belə tədbirlərin keçirilməsi nəticəsində ötən illərlə müqayisədə Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasını xüsusi vurğulayaraq bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının vacibliyini vurğulayıblar. Tədbirlərdə hərbi xidmətdə olan əsgərlərin valideynləri də çıxış edərək hərbi qulluqçulara təbriklərini çatdırıb və yaradılan yaxşı şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirlər zamanı xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətə həvəsləndirmək məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 96 hərbi qulluqçuya qol saatı hədiyyə edilib.

Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Respublika hərbi prokurorluğu tərəfindən hərbi hissələrə televizor, elektrik generatoru, kompüter dəstləri və digər zəruri məişət əşyaları təqdim edilib.

Tədbirlər Rayon İcra Hakimiyyətlərinin təşkil etdikləri bayram konsertləri ilə yekunlaşıb. Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR