Millət vəkilləri tütün məmulatlarının istifadəsi ilə bağlı qanuna münasibət bildiriblər

Millət vəkilləri tütün məmulatlarının istifadəsi ilə bağlı qanuna münasibət bildiriblər
# 14 aprel 2017 13:21 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ətrafında çıxışlar ediblər.

APA-nın məlumatına görə, deputat Tahir Kərimli təklif edib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da siqaretin üzərində zərərinin təsviri əks olunsun.

Millət vəkili Musa Quliyev isə 10-cu maddədə sanatoriya və xəstəxanalarda siqaret üçün qapalı yerlərin ayrılmasına etiraz edib: “Xəstə və həkimlərə siqaret çəkmək üçün şərait yaradırıqsa, o zaman bu qanunu niyə qəbul edirik?”

M. Quliyev təklif edib ki, hər hansı müəssisə tələbi pozarsa, lisenziyası ləğv olunsun.

Deputat Tahir Rzayev bildirib ki, qanunda anlayışların ifadəsi daha dəqiqi verilməlidir.

Həmkarı Rüfət Quliyev isə deyib ki, qanun layihəsinin sırf Rusiya modelindən götürüldüyünü deyib: “Burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. İaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır. Ən yaxşı anti-reklam odur ki, siqaret qutusunun zərində bir çox yazı gizlədilsin. Filtrsiz siqareti qəti qadağan eləmək lazımdır. Elm də sübut edib ki, filtrsiz siqaretin ziyanı filtrlidən 4 dəfə çoxdur”.

Deputat tütünə qarşı mübarizə vasitəsi kimi siqaretin satış qiymətinin qaldırılmasını da təklif edib.

Millət vəkili Hikmət Məmmədov bildirib ki, siqaret böyük sosial bəladır və bu, narkomaniyanın başlanğıcıdır. Deputat sulu qəlyanın da tütünün qadağan olunduğu yerlərdə qadağan olunmasını təklif edib. H. Məmmədov siqaret çəkilməsi üçün qapalı yerlərin də tədricən ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Deputat Qənirə Paşayeva da sulu qəlyanla bağlı məhdudiyyətin olmasını təklif edib.

Millət İlham Əliyev müalicə müəssisələrində siqaret üçün qapalı yerlərin əleyhinə olduğunu bildirib: “Mən seçkili orqana qədər Prezident Administrasiyasında çalışmışam. Sizə deyim ki, artıq 10 ildən çoxdur ki, Prezident Administrasiyasında siqaret çəkmək qadağan olub”.

Sonda spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsi birinci oxunuşda qəbul olunduğu üçün təklifi olan yazılı formada təqdim etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR