Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq üzrə protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq üzrə protokol imzalanıb
# 02 fevral 2018 07:46 (UTC +04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyasının IX iclasının protokolları imzalanıb.

"APA-Economics" xəbər verir ki, sənədləri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu imzalayıb.

Sənəddə əmək bazarında ən çox tələb olunan peşələrin və bacarıqların müəyyən olunması, işsiz və işaxtaranların bacarıqlarının artırılması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə əlilliyi olan şəxslərin əmək bazarına adaptasiya olunması imkanlarının araşdırılması məqsədilə müvafiq təhlillərin aparılması, işsizlər və işəgötürənlər üçün məsləhət xidmətlərinin təkmilləşdirilməsi, kadr hazırlığı və sosial sığorta, pensiya sahəsində işəgötürən və işçilərin hüquq və vəzifələri ilə bağlı məlumatlandırma və s. üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin tərəflərin hər iki ölkədəki əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahəsindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birini məlumatlandırmağa davam edəcəkləri, öz səlahiyyətləri çərçivəsində ölkələrində həyata keçirilən və ənənəvi xarakter daşıyan tədbirlər, fəaliyyətlər və bu istiqamətlərdə iştirakla bağlı məqbul bir müddət ərzində bir-birini məlumatlandıracaqları qeyd olunur.

Protokolda tərəflərin əmək, sosial müdafiə və məşğulluq sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə həyata keçiriləcək tədbirlərdə əməkdaşlıq etməyə davam edəcəkləri, İƏT tabeliyində Azərbaycanda Əmək Mərkəzinin yaradılması və İƏT tabeliyində Türkiyədə Əməyin Mühafizəsi və Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı fəaliyyətlərdə bir-birini dəstəkləyəcəkləri bildirilir. Sənəddə əmək və məşğulluq sahəsində (o cümlədən əmək və məşğulluğa dair qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq norma və standartlara uyğunlaşdırılması, qeyri-rəsmi məşğulluğun azaldılması yönündə tədbirlər, əmək münasibətlərinə nəzarət formalarının təkmilləşdirilməsi, əmək müfəttişlərinin potensialının artırılması, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, onların əhatəliliyinin artırılması və s.) təcrübə mübadilələrinin həyata keçirilməsi də əksini tapır.

Protokol, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizliyi (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi və tətbiq edilən yaxşı nümunələrin bölüşülməsi, əməyin mühafizəsi sahəsində qanunvericiliyin gücləndirilməsi və s.) sosial müdafiə (vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, işsizlikdən sığorta sisteminin fəaliyyəti, sosial müdafiənin səmərəliliyinin ölçülməsi ilə bağlı təhlillərin aparılması və proqnozların hazırlanması, sosial tədqiqatların aparılması və s.), informasiya texnologiyası və infrastrukturunun gücləndirilməsi (sosial müdafiə sahəsində elektron xidmətlər, fərdi məlumatların qorunmasının qanunvericilik və texnoloji aspektləri, çağrı mərkəzlərinin işinin təşkili və idarə olunması, korporativ şəbəkənin idarə olunması və s.) təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR