Səfir: “FETÖ mövzusunda Azərbaycanda atılan addımları, hökumətin gördüyü tədbirləri məmnunluqla qarşılayırıq” - MÜSAHİBƏ

Səfir: “FETÖ mövzusunda Azərbaycanda atılan addımları, hökumətin gördüyü tədbirləri məmnunluqla qarşılayırıq” - <span style="color: red;">MÜSAHİBƏ
# 17 noyabr 2016 13:39 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın APA-ya müsahibəsi

- Azərbaycanda vəzifənizin icrasına yeni başlamışınız. Yenidən burada olmaq sizə necə təsir bağışlayır?

- Azərbaycandan səfirliyin işçisi olaraq sonuncu dəfə 2009-cu ildə çıxmışam. O vaxtdan bu yana Azərbaycan çox dəyişib. Arada gəldim, Azərbaycanı görmək fürsətim oldu. Amma içində yaşayaraq görmək başqa hissdir. Vaxt tapdıqca həftə sonları çıxıb nələrin necə dəyişdiyinə baxmağa çalışıram. 7 il ərzində Azərbaycanda böyük işlər görülüb, ölkə çox böyük inkişaf yolu keçib. 10-11 il əvvəl Azərbaycanda “Formula 1”in keçiriləcəyini desəydiniz, heç kəs inanmazdı. Avropa Oyunlarının keçirilməsi barədə danışılsaydı, harada, hansı yerdə keçiriləcəyi soruşulardı. Amma bu gün bütün bunlar var və infrastruktur hazırlanıb. Azərbaycanda hər şey yenilənib və 7 il əvvəlkinə nisbətən bu gün gələcəyə daha ümidlə baxır, daha parlaq gələcəyə doğru irəliləyir.

- Səfir olaraq haradan başladınız, ilk görüşlər haralarda, kimlərlə oldu?

- Türkiyə ilə Azərbaycan arasında münasibətlər o qədər sıxdır ki, hansı sahəyə baxsanız, orada mütləq əməkdaşlıqla bağlı nəsə var. Hara getsəm, mütləq bir əməkdaşlıq görürəm. Məsələn APA İnformasiya Agentliyinin də Türkiyə ilə əməkdaşlığı var. Ona görə də başlamaq üçün xüsusi bir sahə yoxdur. Hamısı ilə birdən başlamaq lazımdır.

- İki ölkə arasında enerji sahəsində əməkdaşlıq necə davam edir? TAP və TANAP layihələri ilə bağlı işlər hansı vəziyyətdədir?

- TAP və TANAP məsələsində işlər davam edir. Bildiyiniz kimi, TANAP-ın inşası aparılır. İnşaat sürətlə gedir. Planlaşdırıldığından əvvəl bitəcək. Böyük bir uğur var. TAP-da isə Türkiyə və Azərbaycandan asılı olmayan amillərdən qaynaqlanan gecikmə var. Ümid edirəm ki, bu gecikmənin səbəbləri tez bir zamanda aradan qaldırılacaq və tezliklə TAP-ın da inşasına başlanacaq.

- Hər iki ölkə regionda nəqliyyat sahəsində mərkəzə çevrilmək niyyətindədir. Bakı-Tbilisi-Qars layihəsinin işə başlamamasının səbəbi Türkiyədən qaynaqlanır. Bu problem nədir və dəmir yolu xətti nə zaman açılacaq?

- Layihədə ümumilikdə bəzi gecikmələr oldu. Lakin layihənin başa çatmasına çox az qalıb. Bu istiqamətdə çalışırıq. Bəlkə ağır qış şərtləri səbəbilə qısa bir gecikmə ola bilər. Keçmişdə bəzi hüquqi məsələlər gündəmə gəlmişdi, onların məhkəmə prosesləri oldu. Lakin hazırda inşaat işləri davam edir. Bunun qarşısında heç bir əngəl yoxdur. Hədəf 2016-cı ilin sonudur. Gələn ilin yanvarından test səfərləri olacağına dair xəbərlər artıq yayılıb.

“Türkiyə, Azərbaycan və Rusiyanın bir araya gəlməsi tək 3 ölkəyə deyil, geniş Qafqaz bölgəsinə, Qara dəniz hövzəsinə, İrana və Orta Asiyaya da təsir edəcək”

- Türkiyə və Azərbaycanın Rusiya ilə də üçtərəfli format yaradacağı barədə fikirlər səslənir. Bu istiqamətdə hazırlıqlar hansı şəkildə aparılır, bu formatın yaranması üçün zərurət nədən ibarətdir?

- Üç ölkə arasında bu istiqamətdə təmaslar davam edir. Mən əlbəttə ki, bunu real görürəm. Bu əməkdaşlığın 3 ölkə, hətta bölgəyə böyük faydasının olacağını düşünürəm. Türkiyə, Azərbaycan və Rusiyanın bir araya gəlməsi tək 3 ölkəyə deyil, həm geniş Qafqaz bölgəsinə, Qara dəniz hövzəsinə, həm də məsələn, İrana və Orta Asiyaya da təsir edəcək. Bunun faydalı platforma olacağını düşünürük və üzərində ciddi iş aparırıq. Bu mövzuda müzakirələr davam edir. İnşallah, tez bir zamanda nəticələnər. Bununla bağlı prezidentlərin görüşü ola bilər. Amma əvvəlcə nazirlər görüşməlidir. Təməl hazırlanmalıdır. Hazırda görüşlərlə bağlı konkret bir şey yoxdur, amma təmaslar davam edir.

- Bu əməkdaşlıq siyasi, yoxsa iqtisadi əməkdaşlıq formatı olacaq?

- Məhz dediyim təmaslarda formatın hansı şəkildə olacağı müzakirə edilir.

- Türkiyə və Azərbaycanın vasitəçiliyi ilə regionda üçüncü ölkələrlə əməkdaşlıq formatı həyata keçirilir. Bu sırada Türkmənistan, İran və Gürcüstan var. Lakin uzun müddətdir ki, bu istiqamətdə görüşlər olmur. Bunun səbəbi nədir?

- Bunlarla bağlı aşağı səviyyələrdə təmaslar davam edir. Problem yoxdur. Davamlı görüşlər olacaq. Lakin liderlərin proqramları çox sıxdır. Bununla yanaşı, Türkiyə çətin dövrdən keçdi. Hər şey hər zaman planlaşdırıldığı kimi sürətlə gerçəkləşmir. Hətta 2 ölkə arasında belə təmaslar arzulanan sürətlə olmur. Qaldı ki, 3 ölkə arasında etmək daha çətindir.

- Ümumilikdə gələcəkdə bu formatların birləşməsi və regional formatın yaradılması mümkündürmü?

- Bunlar hələ ilk olaraq öz fəaliyyətlərini mütəmadi şəkildə həyata keçirməlidir. İndiki mərhələdə əsas hədəf hələ ki üçtərəfli formatları gücləndirməkdir. Bunlar gələcəkdə gündəmə gələ biləcək şeylərdir.

- Rusiya-Türkiyə münasibətlərinin bərpasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan təbii ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında müsbət rol oynadı. Çünki Azərbaycan Türkiyənin bütün qonşuları ilə yaxın əməkdaşlıq içərisində, yaxın münasibətlərdə olmasını istəyən ölkədir. Qaldı Türkiyənin Rusiya və digər ölkələrlə yaxşı münasibətlərdə olmasına, bu, tək Türkiyə və Rusiya üçün deyil, hər kəs üçün yararlıdır. Azərbaycan bu mövzuda qardaş kimi hərəkət etdi. Qazaxıstanla birlikdə qardaşın üzərinə düşən vəzifəni həyata keçirdi.

“Dağlıq Qarabağ həm Azərbaycanın, həm də Türkiyənin qanayan yarasıdır”

- Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə tərəfindən tam dəstək görüb. Bu yaxınlarda Türkiyənin münaqişənin həllində iştirak ehtimalı Ermənistan tərəfində ajiotaj yaratdı. Lakin həmsədr ölkə olan Rusiya Türkiyənin münaqişənin həllinə töhfə verə biləcəyini istisna etmir. Bu töhfə nədən ibarət ola bilər?

- Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri ölkələri olan Rusiya, ABŞ və Fransa ilə apardığı istənilən müzakirələrinin əsas mövzularından biri Dağlıq Qarabağ məsələsidir. Dağlıq Qarabağ həm Azərbaycanın, həm də Türkiyənin qanayan yarasıdır. Dağlıq Qarabağ məsələsində neçə ildir Azərbaycan qarşı böyük bir haqsızlıq edilir və bu haqsızlıq həll edilmədikcə, gün keçdikcə daha da böyüyür. Biz bu haqsızlığın tez bir zamanda aradan qaldırılmasını istəyirik. Məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və Azərbaycanın istədiyi şəkildə həll olunmasını istəyirik. Minsk qrupunun bu qədər zamandır gördüyü işlər bir nəticə verməyib. Hər görüşdən sonra bəzən ümidlənirik, bəzən məyus oluruq. Lakin heç kəsin düşünmədiyi bir amil var, bir milyondan çox insan Azərbaycanda qaçqın və məcburi köçkün vəziyyətindədir. Bu, həqiqətən böyük bir yaradır və tez bir zamanda həll olunmalıdır. Biz Türkiyə olaraq bu nizamlanmaya töhfə verməyə hazırıq. Minsk qrupunun səylərini dəstəkləyirik, lakin bunun yetərli olmadığını düşünürük. Ona görə də hər cür yolla biz bu çalışmalara dəstək verməyə hazırıq. Əsas odur ki, Azərbaycanın qarşılaşdığı haqsızlıq tez bir zamanda aradan qaldırılsın.

- Bəs, sizcə münaqişənin həlli ilə bağlı səylər niyə bir nəticə vermir?

- Bunun səbəbini bəlkə Minsk qrupu həmsədrlərindən soruşmaq lazımdır. Onlar prosesin içərisindədirlər. Prosesi onlar aparır. Birbaşa görüşləri onlar təşkil edir. Amma nəticə vermədiyinə görə metoda bir də baxmaq lazımdır. Bu günə kimi edilənlərin doğru olub-olmadığı düşünmək lazımdır.

- Bu proseslərdə Türkiyənin iştirakını necə görürsünüz? Buna qarşı çıxanlar var. Bunu necə qiymətləndirirsiniz?

- Türkiyə eyni zamanda Qafqaz ölkəsidir. Diplomatik əlaqələrimiz olmasa da, Ermənistanın qonşusuyuq. Türkiyə Azərbaycanın qonşusu, qardaşıdır. Bu prosesdə Türkiyənin iştirakından daha təbii bir şey ola bilməz. Biz bu problemi yaxından, sərhədlərimizdə hiss edən bir ölkəyik. Buna görə də Türkiyənin prosesə girməsindən təbii bir şey görə bilmirəm.

- Həmsədrlərin sayını artırmaq və oraya Türkiyəni də daxil etmək mümkün ola bilərmi?

- Niyə də olmasın.

- Minsk qrupu həmsədrləri Türkiyədə məsləhətləşmələr keçirməli idilər. Lakin təxirə salındı. Bunun səbəbi nədir, bu məsələ yenidən gündəmə gələ bilərmi?

- Hər şeyi istənilən vaxtda, istənilən sürətlə gerçəkləşdirmək mümkün deyil. Türkiyə də bunları etmək istəyir, həmsədrləri dəvət edir. Lakin həmsədrlərin proqramı hər zaman uyğun olmur. Bir həmsədr hələ yeni vəzifəyə başlayıb. Bir az da onlardan asılıdır.

“Azərbaycan xalqı 15 iyul gecəsini televizorlarının qarşısında keçirib. Bu çətin günümüzdə bizə verdikləri dəstəyi heç zaman unutmayacağıq”

- Azərbaycan gəldikdən sonra bir sıra görüşlər keçirdiniz. Bu görüşlərdə FETÖ ilə bağlı müzakirələr oldumu?

- Təbii ki, görüşlərdə FETÖ məsələsi də gündəmə gəldi. Əvvəla, bu məsələni gündəmə gətirib təhlükənin böyüklüyünə diqqət çəkmək mənim vəzifəmdir. Türkiyə olaraq çox çətin dövrdən keçdik. Bunun başqa heç bir ölkənin başına gəlməsini əlbəttə ki, istəmirik. Bu, çox böyük xəyanətdir, tarixdə bənzəri yoxdur. Mən bunun kimi başqa bir nümunənin olduğunu düşünmürəm. Buna görə də FETÖ mövzusunda Azərbaycanda atılan addımları, Azərbaycan hökumətinin gördüyü tədbirləri məmnunluqla qarşılayırıq. Azərbaycan çevrilişə cəhddən öncə də FETÖ ilə mübarizədə bizə hər cür köməklik göstərdi. 15 iyul çevriliş cəhdindən sonra prezidentimizə dəstək üçün ilk zəng edənlərdən biri İlham Əliyev oldu. Azərbaycan xalqı 15 iyul gecəsini televizorlarının qarşısında keçirib. Hər zaman deyirəm ki, bütün Azərbaycan xalqına bizə verdiyi dəstəyə görə minnətdaram. Bu çətin günümüzdə bizə verdikləri dəstəyi heç zaman unutmayacağıq. Bu, qardaşlıq dəstəyidir. Buna görə çox təşəkkür edirik. FETÖ ilə fasiləsiz mübarizə mütləq davam etməli olan bir strategiyadır. Qarşımızdakılar bu əməllərindən heç zaman geri çəkilməyəcəklər. Xidmət etdikləri ideyaya xidməti davam etdirəcəklər. Türkiyənin gücünü azaltmaq, yıxmaq istəyən və türk millətinin varlığına qəsd edən şəxslər bu xainlərdən fürsət düşdükcə istifadə etməyə çalışacaqlar. Bunlar qol-qoladırlar. Tək Azərbaycan və Türkiyə deyil, dünyanın hər yerində bunlarla mübarizə aparırıq. Onlar dünyanın hər tərəfində yaşadıqları ölkə üçün təhdid təşkil edirlər.

- Azərbaycanda bu sahədə aparılan prosesi də izləyirsinizmi?

- Bu proses Türkiyənin hüquq-mühafizə orqanları ilə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlıq şəklində apardıqları prosesdir. Ehtiyac yarandıqda, bir-biri ilə əlaqə yaradırlar. Bu, hüquqi məsələdir. Biz kənardan baxan bir dövlət qurumu olaraq prosesi izləyirik. Lakin prosesi ədliyyə orqanları aparır.

- Türkiyənin içərisində bu gün vəziyyət necədir?

- Türk cəmiyyəti çevrilişin öhdəsindən çox tez gəldi. Çevrilişə cəhddən sonra yastıq altında saxladıqları 8 milyard dolları dövriyyəyə çıxardılar ki, iqtisadiyyat xilas olsun, iqtisadiyyata ziyan gəlməsin. Türkiyə millətinin bu gün əsas hədəfi ölkəni tamamilə FETÖ-çülərdən xilas etməkdir. Dövləti təmiz hala gətirməkdir. Türk xalqı dövlətinə dəstək olmaq üçün əlindən gələni edir.

“Avropanın Türkiyəyə ikili standartlar tətbiq etməsi yeni bir şey deyil”

- Lakin Türkiyə bu mövzuda Qərbdən də istədiyi dəstəyi görmədi. Xüsusilə Almaniya və Aİ ilə problemlər yaşandı.

- Avropanın Türkiyəyə ikili standartlar tətbiq etməsi yeni bir şey deyil. Aİ ilə bir sıra problemlər yaşandı. Bu gün Avropadan Türkiyəyə gələn mesajlar təəssüf ki, demokratiyanı dəstəkləyən, türk millətini dəstəkləyən mesajlar olmamaqla yanaşı, əksinə, terrorçuları qoruyan mesajlardır.

- Bəs bunda məqsəd nədir, Türkiyəni zəiflətmək?

- Bunu avropalılardan soruşmaq lazımdır. Nəticə bunu göstərir. Amma gərçək məqsədləri nədir, onu onlardan soruşmaq lazımdır. Lazım olan yerdə dəstək verməməklə deməli, dostluq məqsədi güdmürlər, başqa məqsədləri var. Ona görə də Avropa yaxşı düşünməlidir. Türkiyəni itirmək onlara faydalı olar, yoxsa yanında durmaq, bu barədə düşünməlidirlər. Bunun nəticəsini yaxşı dəyərləndirməlidirlər. Bizi seçim etməyə məcbur edən bir mövqe nümayiş etdirirlər. Bu, Türkiyədən çox özlərinə zərər verə bilər. Bunu bütün dünya yaşı düşünməlidir.

- Son olaraq səfirliyin Azərbaycanla mədəni, tarixi mövzuda hər hansı layihələr həyata keçirmək planı varmı?

- Bir sıra layihələrimiz var. Bunları həyata keçirmək üçün araşdırmalar aparırıq. Azərbaycanda vəzifəmin icrasına yeni başlamışam. Bu kimi mövzularda dərhal nəsə etmək olmur. Azərbaycan və Türkiyə xalqı bir-birini çox sevir, lakin xüsusilə mədəniyyət sahəsində bir-birimizi kifayət qədər tanımırıq. Əsas məqsədimiz bunu təşviq etməkdir. Dəyərlərimizi kifayət qədər öyrənməmişik. Hər iki ölkənin zənginliklərini bir-birinə göstərməliyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR