“Azərbaycan ailəsi-2016" film festivalının qalibləri mükafatlandırılıb

“Azərbaycan ailəsi-2016" film festivalının qalibləri mükafatlandırılıb
# 29 noyabr 2016 13:19 (UTC +04:00)

“Azərbaycan ailəsi-2016" film festivalının mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, artıq 8 ildir, keçirilən festivala yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorları da ekran əsərlərini təqdim edib, xüsusi mükafata layiq görülüblər: “Bu da əlbəttə festivalın səviyyəsini artıraraq, beynəlxalq nüfuz qazandırıb. Bu layihənin keçirilməsində məqsəd ilk növbədə ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir. Builki festivalımızı müstəqilliyimizin 25 illiyinə həsr etmişik. Artıq üç ildir, “Azərbaycan ailəsi” adlı filmlər festivalı çərçivəsində “Həyatdan şəklə” foto-müsabiqəsi də keçirilir”.

H. Hüseynova əlavə edib ki, festival Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun bir təşkilatçılığı ilə baş tutub. Filmlər 13 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən danışıb: “Son illərdə Azərbaycan kinosuna dövlət büdcəsindən ayrılan vəsait hesabına 40-dək bədii, 100-dək sənədli filmlər çəkilib, Azərbaycan kinosu 52 festivalda nümayiş olunub”.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin sədri Cəmil Quliyev təmsil etdikləri qurumun festivala verdiyi dəstəkdən, kino sənətinin inkişafı üçün tədbirin əhəmiyyətindən danışıblar.

Sonra xüsusi və nominasiyalar üzrə qaliblərin adı elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR