Koçaryan ona qarşı irəli sürülən ittihamı şərh edib

Koçaryan ona qarşı irəli sürülən ittihamı şərh edib
# 27 iyul 2018 04:40 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti (1998-2008) Robert Koçaryan ona qarşı irəli sürülən ittihamları siyasi təqib adlandırıb.

APA-nın xəbərinə görə, R.Koçaryan bunu “Yerkir Media” telekanalına müsahibəsində bildirib.

“İttiham saxtadır, siyasiləşdirilib və reallıqla heç bir əlaqəsi yoxdur... Bu siyasi təqibdir, vendetta, hüquq sürrealizmidir”, - deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, istintaq bu cür ittiham irəli sürməklə Konstitusiya Məhkəməsinin qərarını və 2008-ci il prezident seçkilərinin nəticələrini rədd edir.


”Kütlələrin əhval-ruhiyyəsini hüquq müstəvisinə keçirməyə cəhd edirlər, və elə fikir formalaşdırırlar ki, guya 2008-ci il prezident seçkilərində 21,5 faiz toplamış Levon Ter-Petrosyan qələbə qazanıb”, - deyə Koçaryan bildirib.

Qeyd edək ki, iyulun 26-da 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilsə də, məsələ ilə bağlı qərarın verilməsi bu gün saat 11.00-a təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.

Ötən gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR