Təhsil Nazirliyi avqustda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb

Təhsil Nazirliyi avqustda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb
# 08 sentyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9131 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5619 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə Dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2680 zəng) və çərşənbə axşamı (1763 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 15:00-dək müraciət olunub.

Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1666 müraciət) və cümə (1105 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR