Binəqədidə vətənpərvərlik mövzusunda tədbir keçirilib

Binəqədidə vətənpərvərlik mövzusunda tədbir keçirilib
# 16 yanvar 2017 08:19 (UTC +04:00)

Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar onun məzarını ziyarət ediblər.

Binəqədi İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam edib.

Tədbirdə F. Qurbanlının təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılova şəhidin məktəb illərindən söz açıb. F. Qurbanlının atası Seyfəddin Qurbanov isə tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək, dövlətimizin şəhid ailələrinə qayğısından razılığını ifadə edib.

Sonra şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər. Onlar F. Qurbanlının timsalında bütün şəhidlərin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıblar, onların ailələrinə başsağlığı veriblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin istedadlı şagirdlərinin ifasında bədii kompozisiya nümayiş olunub. Alqışların sədası ilə bitən kompozisiyadan sonra Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı vətənpərvərlik ruhunda mahnılar ifa edib. İfa olunan mahnıların müşaiyəti ilə rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar Azərbaycan Respublikasının Dövlət Bayrağını öpərək hərbi xidmətə yola düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR