DİM: İmtahanlarda köçürmə hallarının azalması davam edir

DİM: İmtahanlarda köçürmə hallarının azalması davam edir
# 15 may 2018 08:29 (UTC +04:00)

2017-ci ildə hər bir abituriyentə qəbul imtahanlarında 2 dəfə iştirak etmə şansı verildiyindən, kontingentin sayında kəskin artım (78,2%) baş verib, bu da öz növbəsində keçən ilə nəzərən 1780 nəfər (35,5%) daha çox nəzarətçinin prosesə cəlb edilməsinə səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib.

Jurnalda qeyd olunub ki, nəzarətçilərin 75,3%-i qəbul imtahanlarına cəlb edilib: “Ötən il qayda pozuntusuna yol verən nəzarətçilərin 18,7%-i ibtidai sinif, 17,7%-i ana dili və ədəbiyyat, 13,5%-i ingilis dili, 4,2%-i əmək təlimi müəllimləridir. İmtahan rəhbərləri və nəzarətçilərlə ilboyu aparılan təlimat işinin nəticəsi kimi köçürmə hallarının azalması tendensiyası davam edir. 2017-ci ildə nəzarətçilərin daha az hissəsi – 3,1%-i qayda pozuntularına yol verib. Nəzarətçilərin ixtisasına görə qayda pozuntuları hallarının araşdırılması riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya ixtisaslı müəllimlərin qayda pozuntularına nisbətən daha az yol verdikləri tendensiyasının davam etdiyini göstərir. Araşdırmalar son illərdə Sumqayıt şəhərinin, Qubadlı və Bakı şəhərinin Binəqədi, Səbail, Nərimanov və Suraxanı rayonlarının məktəblərindən olan nəzarətçilərin qayda pozuntularına yolvermə hallarının daha çox olduğunu göstərir. Əvvəlki illərin məzunlarının və ya yaşlı abituriyentlərin yerləşdirildiyi zalların idarə edilməsi digər zallara nəzərən çətinliklər yaradır. Odur ki, bu zallarda daha çox qayda pozuntusuna yol verilməsi tendensiyası ötən ildə də davam edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR