Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu yenidən bərpa olunur

Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu yenidən bərpa olunur
# 30 mart 2018 13:49 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAY) 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunu yenidən qurur.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, torpaq və çınqıl örtüklü olmaqla yolun eni 4-5 metr təşkil edir.

Bildirilib ki, sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edəcək. Bu üzdən hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.

Məlumatda qeyd olunub ki, tikinti layihəsinə uyğun olaraq, hazırda yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün optimal qırmadaş, üst layının tikintisi üçün isə qum-çınqıl qarışığı ilə aparılacaq, çiyinlərin bərkidilməsi işləri görüləcək.

Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi nəzərdə tutulan işlərdəndir.

“Mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərini quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq”, - deyə məlumatda vurğulanıb.

“Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq”, - deyə agentlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR