Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçirilib - FOTOSESSİYA

Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 avqust 2015 14:55 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Avqustun 29-da Qəbələ şəhərində III Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Sonra isə Heydər Əliyev parkından festival keçirilən əraziyədək mürəbbəçilərdən ibarət komandaların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə musiqi sədaları alıtında yürüş təşkil edilib.

Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub. Festivalın açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti Karmen de Padella, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış edib.

Bildirilib ki, atıq 3 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11, ötən il 20, bu il isə 30 şəhər və rayondan, eləcə də 6 ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirin nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Vurğulanıb ki, bu festival təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. Natiqlər Beynəlxalq festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Qəbələdə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıblar. Bildirilib ki, böyük inkişaf yolu keçən Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına mühüm rol oynayır. Ona görə də mürəbbə festivalı ənənəvi olaraq hər il Qəbələdə keçirilir.

Həmçinin, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün əla, ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayiş olunan Azərbaycan və xarici ölkələrinin təqdim etdiyi mürəbbələri müqayisə etdikdə aydın görmək mümkün olub. Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib. Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Komissiya tərəfindən isə 19 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda şirniyyat komandaları tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. İnsanlar mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR