Bakıda 90 yaşlı xəstədə mədənin tam xaric edilməsi əməliyyatı aparılıb

Bakıda 90 yaşlı xəstədə mədənin tam xaric edilməsi əməliyyatı aparılıb
# 17 noyabr 2017 07:10 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı qadın mədəsindən əməliyyat olunub.

APA-nın xəbərinə görə, ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayev bildirib ki, qadın daha əvvəl müxtəlif klinikalarda müayinələrdən keçib, yaşı, ümumi vəziyyətinin ağırlığı və yüksək riskli xəstə olması nəzərə alınaraq, əməliyyatdan imtina edilib.

Onun mədəsinin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən, ətraf limfa düyünlərinə yayılan bədxassəli şiş olub: “Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulub. Adətən ahıl və vəziyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların aparmaqdan çəkinirlər, xəstəyə qidalandırmaq məqsədilə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Bu da xəstə və yaxınları üçün psixoloji cəhətdən gərginlik yaradır”.

Həkim bildirib ki, 3 saat davam edən əməliyyatdan üç sutka sonra xəstə qidalandırılmağa başlanılıb. O, 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib, hazırda özünü yaxşı hiss edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR