Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib
# 24 oktyabr 2016 12:31 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 24-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Masallı, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik və Astara rayonlarının sakinləri iştirak edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşlar yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, turizm sahəsi üzrə fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, musiqi məktəblərindəki klarnet sinfində klassik musiqi ilə yanaşı muğam dərslərinin tədrisi, Lənkəran rayonu ərazisində yerləşən tarixi Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evləri və klubların əyani vəsaitlərlə təchiz olunması, Azərbaycanda milli geyimlər festivalının keçirilməsi, bölgədə fəaliyyət göstərən Dövlət Dram Teatrında rayonların xalq teatrlarının çıxışlarının təşkili və s. məsələlərdə köməklik göstərilməsi barədə müraciət ediblər.

Bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərin həll olunması və ya araşdırılaraq tədbir görülməsi ilə bağlı tabeliyindəki qurumların rəhbərlərinə göstərişlərini verib.

Qəbul zamanı Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə aid olmayan təklif və müraciətlər isə digər dövlət qurumlarına çatdırılmaqdan ötrü qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR