Sağlamlıq imkanları məhdud uşaqların “açıq dərs”i keçirilib

Sağlamlıq imkanları məhdud uşaqların “açıq dərs”i keçirilib
# 14 aprel 2017 12:19 (UTC +04:00)

Bu gün Təhsil Nazirliyi, “British Council” təşkilatı, "Bakcell" şirkəti və “İnkişaf naminə idman” İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşan “TOPs proqramı - Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsi çərçivəsində “açıq dərs” keçirilib. APA-nın xəbərinə görə, paytaxtın 138 saylı orta məktəbin sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı eksperimental inklüziv siniflərində (II sinif) təşkil olunan açıq dərsdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov, məktəbin direktoru Mirfaiq Mirheydərli və digər qonaqlar iştirak edib.

Dərsdə innovativ tədris vəsaitlərindən istifadə olunub, şagirdlər arasında ayrı-ayrı idman növləri üzrə yarışlar keçirilib.

Direktor Mirfaiq Mirheydərli qeyd edib ki, TOPs proqramı təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsinə xidmət edir. Onun sözlərinə görə, əsas məqsəd ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. M.Mirheydərli məktəbin idman sahəsində göstərdiyi uğurla barədə də qonaqlara ətraflı məlumat verib.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, şagirdlərin fiziki sağlamlığı və nailiyyətlərinin bədən tərbiyəsi-idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. TOPs proqramının daha geniş tətbiqi ilə məktəbdənkənar fəaliyyətlər, o cümlədən inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud olan uşaqların orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərində iştirakına əlavə imkanlar yaradır: “Bunları nəzərə alaraq inklüziv təhsilin tətbiq olunduğu digər məktəblərdə də belə tipli açıq dərslər keçirilməlidir”.

Qeyd edək ki, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakının 4 məktəbində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-liseyində 24 əlilliyi və ya xüsusi təhsilə ehtiyacı olan uşaq təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR