DBNX: “Nodulyar dermatit” virusu ilə bağlı ölkədəki epizootik vəziyyət sabitdir

DBNX: “Nodulyar dermatit” virusu ilə bağlı ölkədəki epizootik vəziyyət sabitdir
# 21 sentyabr 2015 15:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Rusiyanın Dağıstan respublikasında iribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” virusu yayılıb. APA-nın xəbərinə görə, bu barədə RİA-ya Dağıstan Baytarlıq Komitəsindən məlumat verilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, Beynəlxalq Epizootik Büro və Rusiyadan DBNX-ya Dağıstanda “Nodulyar dermatit” virusunun yayılması ilə bağlı hər hansı məlumat daxil olmayıb: “Həm Beynəlxalq Epizootik Büro, həm də Rusiya qonşu dövlət olduğuna görə hər hansı xəstəlik aşkarlananda bizə dərhal məlumat verirlər. İndiyə qədər bizə belə bir məlumat daxil olmayıb”.

Y. Xanvəlinin sözlərinə görə, Rusiyadan Azərbaycana diri formada gətirilən iribuynuzlu heyvanlar ilk olaraq karantində saxlanılır: “Karantin müddətində heyvanda hər hansı bir xəstəlik aşkarlansa, həmin heyvan izolyasiya edilir. Əgər heyvan damazlıq üçün gətirilibsə damazlıq istifadəyə, yaxud da kəsim üçün gətirilibsə kəsimə icazə verilir”.

DBNX-nin rəsmisi əlavə edib ki, Dağıstandan Azərbaycana diri heyvan gətirilmir: “Azərbaycana əsasən Rusiyanın şimal ərazilərindən diri heyvanlar gətirilir”.

Y. Xanvəli qeyd edib ki, “Nodulyar dermatit” virusu ilə bağlı ölkədəki epizootik vəziyyət sabitdir.

Qeyd edək ki, Azərbaycanda ötən il qeydə alınan “Nodulyar dermatit” xəstəliyinə yoluxan 6 040 baş iribuynuzlu heyvandan 5 781 baş iribuynuzlu heyvan sağalsa da, 259 baş heyvan tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR