Azərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir

Azərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir
# 17 sentyabr 2008 12:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. «İstehsalatın digər sahələri ilə müqayisədə bu gün yenə də tikinti sektorunda bədbəxt hadisələr və ölüm halları daha çox olur. Tikinti sektorunda hündürlükdən yıxılma halları hələ də mövcuddur. Bu da təcrübəsiz işçilərin işə cəlbi, eyni zamanda əməyin təhlükəsizliyinə məsul şəxslərin özlərinin bir qədər təcrübəsiz olmasından irəli gəlir». «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib.
N.Şükürlünün sözlərinə görə, hazırda istehsalatın digər sahələrində olduğu kimi, tikinti şirkətlərində də yoxlamalar aparılır və araşdırmalar bundan sonra da davam etdiriləcək.
DƏM rəisi deyib ki, bu il ərzində əmək təhlükəsizliyi qaydalarına məsul 150-dən çox şəxs üçün ƏƏSMN-in Tədris Mərkəzində bir həftəlik kurslar keçirilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda istehsalatda 112 bədbəxt hadisə baş verib və onun 20-si tikintidə qeydə alınıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrdə 31 nəfər (onun 9-u tikintidə) ölüb, 90 nəfər (onun 12-si tikintidə) xəsarət alıb. Bədbəxt hadisələrin 7-si (1-i tikintidə) qrup halında baş verib. İstehsalatda baş vermiş bədbəxt hadisələrə görə 10 halda müəssisə, 45 halda zərərçəkən, 48 halda müəssisə və zərərçəkən təqsirkar hesab edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR