Azərbaycan paytaxtında beynəlxalq turizm sərgisi keçirilir

Azərbaycan paytaxtında beynəlxalq turizm sərgisi keçirilir
# 16 aprel 2009 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, sərgilərinin açılış mərasimində çıxış edən «Iteca Caspian»ın direktoru Fərid Məmmədov bildirib ki, AİTF sərgisinin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası dəstək verir. Sərgidə 20 ölkədən 78 şirkət iştirak edir, ekspozisiya sahəsi isə 30% artıb. Sərgi iştirakçılarının təxminən 35%-ni yerli şirkətlər təşkil edir. Azərbaycanın daxili regional turizmi bu il Qəbələ, Nabran, Quba, Lənkəran və başqa rayonların mehmanxanaları ilə təmsil olunur. Ənənəvi olaraq, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qarabağ stendi təqdim edilir.
Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə ISESCO təşkilatına üzv olan ölkələr AİTF sərgisində öz turizm potensialını nümayiş etdirir. ISESCO-nun birləşmiş stendi çərçivəsində İordaniya, BƏƏ, Malayziya, İndoneziya və İraq milli stendi ilə çıxış edir. Bu il sərgi sponsoru kimi çıxış edən Türkiyə, İspaniya və Mavrikiyə milli stendlərini təqdim edir.
III Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində isə İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya və Ukraynadan 20 şirkət iştirak edir.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda son illər ərzində turizm sektorunun çox inkişaf etdiyini söyləyib. Belə sərgilərin ölkənin turizm sektorunun inkişafına daha da təkan verdiyini deyən nazir bildirib ki, hazırda Azərbaycanda 300-dən çox otel, 250-dən çox turizm şirkəti fəaliyyət göstərir. Ə.Qarayev ötən il ərzində Azərbaycana 1,9 mln. turistin gəldiyini də xatırladıb.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə ölkəsində fəaliyyət göstərən otellərin xidmət səviyyəsinin çox yüksək olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə turizm sektorunun inkişafına çox diqqət yetirir. Bu səbəbdən, təkcə ötən il ərzində turizm sektoru dövlət büdcəsinə 22 mlrd. dollar gəlir gətirib.
Qeyd edək ki, hər iki sərgi aprelin 18-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR