«AccessBank»ın depozit bazası son bir ildə 2 dəfədən çox artıb

«AccessBank»ın depozit bazası son bir ildə 2 dəfədən çox artıb
# 20 oktyabr 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 270,313 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr 1-nə olan analoji göstəricidən 44,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,4 dəfə genişlənərək 41,519 mln. manata, kredit portfeli 38,2% artaraq 219,395 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 5% artaraq 15,876 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 42,7% artaraq 56,591 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 2,1 dəfə artaraq 49,185 mln. manat, xərcləri isə 2,5 dəfə artaraq 34,975 mln. manat olub. Nəticədə, bankın mənfəəti 52,2% artaraq 14,210 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən əlavə 6 filial açılıb, həmçinin 3 bankomat və 22 POS-terminal quraşdırılıb. Bankda çalışan işçilərin sayı oktyabrın 1-nə 965 nəfər olub.


Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Hazırda bankın respublika üzrə 23 filialı, 23 bankomatı və 47 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR