Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə seminar keçirilir

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə seminar keçirilir
# 23 avqust 2010 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Mərkəzi-Asiya Regional Şəbəkəsi Proqramı çərçivəsində növbəti seminar başlayıb.

«APA-Economics»in məlumatına görə, iki gün (23-24 avqust) davam edəcək seminarda FAO-nun Azərbaycan, İran, Əfqanıstan, Pakistan, eləcə də Mərkəzi Asiya regionuna daxil olan ölkələrin baytarlıq xidmətlərinin rəhbərləri və milli əlaqələndiricilər iştirak edəcək.

Bugünkü tədbirdə çıxış edən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova qeyd edib ki, bu seminarın keçirilməsində əsas məqsəd yüksək patogenli “quş qripi”nin qarşısının alınması və bu xəstəliyi daim nəzarətdə saxlamaqdan ibarətdir: «Tədbirdə yüksək patogenli “quş qripi”nin qlobal şərhi, həmçinin sağlamlığın müdafiəsində regional əməkdaşlıq, Mərkəzi Asiya üzrə Nəzarət Şəbəkə Konsepsiyası və digər məsələlər müzakirə ediləcək».

S.Rüstəmova onu da qeyd edib ki, hazırda Azərbaycanda “quş qripi” xəstəliyinə rast gəlinmir: «Lakin bu o demək deyil ki, xəstəlik bütün ölkələrdə yoxdur. Xəstəliyin yenidən baş qaldırmaması üçün Dövlət Baytarlıq Xidməti bunu tam nəzarətdə saxlayır».

Qeyd edək ki, tədbirin ikinci günü Mərkəzi Asiya regionu üzrə regional strategiya layihəsinin təqdimatı keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR