Elmar Məmmədyarov: “ATƏT-in qiymətləndirmə missiyasının bir məqsədi də ermənilərin süni məskunlaşdırılması məsələsini aydınlaşdırmaq olub”

Elmar Məmmədyarov: “ATƏT-in qiymətləndirmə missiyasının bir məqsədi də ermənilərin süni məskunlaşdırılması məsələsini aydınlaşdırmaq olub”
# 15 oktyabr 2010 13:48 (UTC +04:00)
APA-nın Gürcüstan müxbirinin məlumatına görə, bunu Gürcüstanda jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“ATƏT-in qiymətləndirici missiyası Dağlıq Qarabağ ətrafında olan işğal olunmuş torpaqlara yenicə gediblər. Onların budəfəki səfərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri və Almaniyanın yüksək səviyyəli məmuru da iştirak edib. Onlar həmin səfərlə bağlı arayış da hazırlayacaqlar”, - deyə E. Məmmədyarov bildirib.

Nazir onu da qeyd edib ki, qiymətləndirmə missiyasının səfərinin bir məqsədi də işğal altında olan torpaqlarda erməni əhalisinin süni məskunlaşdırılması məsələsini aydınlaşdırmaq olub.

E. Məmmədyarov münaqişənin nizamlanmasına dair danışıqların artıq bir neçə ildir, “Praqa prosesi” çərçivəsində davam etdiyini vurğulayıb: “Madriddə yazılı şəkildə irəli sürülən təkliflərlə bağlı prezidentlər səviyyəsində bir neçə görüş keçirilib. Biz böyük sülh sazişi üzərində işləməyə başlaya bilərik. Bunun üçün Ermənistan tərəfi daha da konstruktiv şəkildə müzakirələri davam etdirməli, işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmalıdır. Bu təkcə bizim tərəfimizdən deyilməyib. Rusiya, ABŞ, Fransa prezidentləri tərəfindən qəbul olunmuş bəyanatda da bu qeyd olunub”.

“ATƏT-in Astanada keçiriləcək sammitinə qədər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaqmı” sualına cavab olaraq E. Məmmədyarov “Hələ tezdir, bizə təkliflər verilməli, həmsədrlər regiona gəlməlidirlər”, cavabını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR