Haşimi Rəfsəncani Xomeyninin nəvəsinin namizədliyinə qarşı çıxanları sərt tənqid edib

Haşimi Rəfsəncani Xomeyninin nəvəsinin namizədliyinə qarşı çıxanları sərt tənqid edib
# 15 dekabr 2015 07:06 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyninin ölkənin Xobreqan Ekspertlər Məclisinə namizədliyinə qarşı çıxanları sərt tənqid edib.


APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, Haşimi Rəfsəncani Həsən Xomeyninin seçkilərə qatılmasına qarşı çıxanların reaksiyasını sərt və əxlaqsız adlandırıb, bildirib ki, Həsən Xomeyninin ölkənin Xobreqan Ekspertlər Məclisinə (dini lideri təyin edən və onun fəaliyyətinə nəzarət edən qurum) namizədliyi Ayətullah Xomeyni ailəsinin, hətta adi vətəndaşın ən adi hüququdur.

Sabiq prezident qarşıdan gələn Parlament və Xobreqan Ekspertlər Məclisi seçkilərini önəmli seçkilər adlandırıb və bildirib ki, elə buna görə ifratçıların təhqirləri və sərt reaksiyalarının olmasını gözləniləndir. “Onlar xalqın mötədil düşüncələrə yanaşmasından narahatdırlar”.


Qeyd edək ki, son günlər İranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani, İmam Xomeyninin nəvəsi Həsən Xomeyni və Ayətullah Xomeyninin şagirdlərindən, eləcə də Həsən Xomeyninin qayınatası olan Məhəmməd Musəvi Bocnordi Xobreqan Ekspertlər Məclisinə keçirilən seçkilərdə namizədliklərini verəcəklərini elan ediblər.


Xobreqan Ekspertlər Məclisinə seçkilər gələn fevralın 26-da parlament seçkiləri ilə eyni gündə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR