Azərbaycanın turizm istiqaməti kimi orta tanınma göstəricisi 48%-ə yüksəlib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatı çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, 2018-2019-cu illərdə aparılan beynəlxalq araşdırmalar göstərirdi ki, Avropanın əsas turizm bazarlarında Azərbaycan turizm istiqaməti kimi demək olar tanınmırdı.
“2025-ci ildə apardığımız son araşdırmanın nəticələrinə görə isə müxtəlif xarici bazarlar üzrə Azərbaycanın turizm istiqaməti kimi orta tanınma göstəricisi 48%-ə yüksəlib”, – Florian Zenqştşmid qeyd edib.
O vurğulayıb ki, Türkiyə bazarında bu göstərici təxminən 90%, Səudiyyə Ərəbistanında 75%, BƏƏ-də 40%, Almaniyada isə 30% təşkil edir.
İcraçı direktor bildirib ki, 2018-ci ildə Dövlət Turizm Agentliyinin yaradılmasından sonra ölkədə dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə yeni "Turizm haqqında" qanun qəbul edilib, mehmanxanaların ulduz təsnifatı sistemi yaradılıb, tur bələdçilərinin sertifikatlaşdırılmasına başlanılıb və beynəlxalq standartlar tətbiq olunub.
O əlavə edib ki, regional turizmin inkişafı məqsədilə ölkədə doqquz regional turizm idarəsi yaradılıb və hazırda Azərbaycanın turizm brendinin yenilənməsi prosesi yekunlaşmaq üzrədir.