Seyran Ohanyan KTMT-nın baş katibi olmayacağını bildirib

Seyran Ohanyan KTMT-nın baş katibi olmayacağını bildirib
# 17 sentyabr 2016 08:00 (UTC +04:00)

Bakı - APA. Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmayacağını bəyan edib.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, S. Ohanyan bildirib ki, hökumətdə baş verən dəyişikliklər hamı kimi, ona da təsir edə bilər.

"O ki qaldı mənim KTMT-nın baş katibi təyin olunacağıma, belə təklif olmayıb. Bu gün mən müdafiə nazirinin səlahiyyətlərini icra edirəm və hansısa beynəlxalq strukturda çalışmaq niyyətim yoxdur", - deyə o bildirib.

S. Ohanyan belə bir təklif olarsa, birmənalı imtina edəcəyini də vurğulayıb.

Qeyd edək ki, KTMT-nın hazırkı baş katibi Nikolay Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında təşkilatın yeni baş katibinin bu il oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında müəyyənləşəcəyini, xələfinin isə Ermənistan təmsilçisi olacağını bildirib.

"İnterfaks" agentliyi isə sentyabrın 11-də öz mənbələrinə istinadən KTMT-nın yeni baş katibinin Seyran Ohanyan ola biləcəyi barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR