Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb
# 20 sentyabr 2016 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək. Məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək.

Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişləcəyi gözlənilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar müvafiq sənədlər əsasında qəbul ediləcəklər.

Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR