IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir

IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir
# 01 iyun 2016 09:38 (UTC +04:00)

Bakı-APA. IBM şirkətinin vitse-prezidenti Rac Rayçura Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov BANM-in məqsəd və hədəfləri, eləcə də enerji, avtomatlaşdırma və İKT sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərlə sıx əməkdaşlığı haqqında danışıb. Ali Məktəbin yaradılmasında əsas məqsədin yerli və beynəlxalq əmək bazarında yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş, ingilis dilli və geniş dünyagörüşlü mütəxəssislərə olan ehtiyacın ödənilməsi üçün mühəndis kadrların hazırlanması olduğunu qeyd edən rektor IBM şirkəti ilə daha geniş səviyyədə əməkdaşlıq üçün BANM-də hərtərəfli imkanların mövcud olduğunu deyib.

Rac Rayçura ölkənin ən istedadlı tələbələrinin oxuduğu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib, bu sahədə böyük perspektivin olduğunu deyib. O, xüsusilə IBM-in BANM-in yeni kampusunda yaradılacaq laboratoriyalarda kadr hazırlığı prosesinə ən müasir texnika və texnologiyalarının dəstəyi ilə mühüm töhfə verə biləcəyini vurğulayıb.


Qeyd edək ki, BANM-lə IBM arasında sıx əlaqələr mövcuddur və hazırda neft-qaz, avtomatika və İKT üzrə proqram təminatlarının yaradılması və istifadəsinə dair birgə fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR