Bakıda "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə dəstək kampaniyası keçirilib

Bakıda "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə dəstək kampaniyası keçirilib
# 12 may 2016 09:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün 178 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA ictimai birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və ASAN Xidmətin təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" aksiyasına dəstək kampaniyası keçirilib.

APA-nın məlumatına görə, ASAN Xidmətin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd kağız israfını azaltmaq, təkrar emala təşviq etməklə ağacların kəsilməsinin qarşısını almaqdır.

"ASAN Xidmət tərəfdaş qurumlarla indiyədək Sumqayıtda, Sabirabad və Bərdə şəhərlərində "Yaşıl dağ" aksiyasını keçirib. Son bir il ərzində bu layihə çərçivəsində 250 tondan çox kağız tullantısı toplanılıb. Məsələn, 10 ton kağız təkrar emala göndərilməklə, 4250 şam ağacının qorunmasını təmin etmək olar. Aksiyaya bir çox vətəndaş dəstək olur və biz bundan sonra da bu tipli sosial aksiyaları keçirməyi qarşımıza məqsəd qoymuşuq", - deyə o vurğulayıb.

Məktəbin direktoru Yusif Məmmədov isə bildirib ki, aksiyaya Nərimanov rayonunda yerləşən 20 məktəb qoşulub. Onun sözlərinə görə, nəticədə 500 kiloqramdan artıq kağız tullantıları yığılıb.

Məktəbin şagirdləri kağız tullantılarının toplanmasında iştirak ediblər. Qeyd edək ki, mayın 14-də layihə çərçivəsində 1 saylı ASAN Xidmət mərkəzində "Yaşıl dağ" aksiyası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR