"Azərmarka"nın məhsulu İtaliyada "Ayın ən orijinal markası" seçilib

"Azərmarka"nın məhsulu İtaliyada "Ayın ən orijinal markası" seçilib
# 26 may 2016 08:59 (UTC +04:00)

Bakı - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" MMC tərəfindən nəşr edilən "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı marka İtaliyada "Ayın ən orijinal markası" seçilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, qalib jurnalın “Unificato” adlı "Facebook" səhifəsində şəbəkə istifadəçiləri tərəfindən aparılan səsvermə nəticəsində müəyyənləşib.

"Aprel 2011 - aprel 2016: incəsənətin çapı ilə beş il" adı altında redaksiya tərəfindən sosial şəbəkədə aparılan müsabiqə zamanı əsas kriterilər ən keyfiyyətli və orijinal markanın müəyyən edilməsi ilə bağlı olub.

Səsvermənin nəticələri ilk olaraq jurnalın "Facebook" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 10 sentyabr - 5 oktyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş Şahmat üzrə Dünya Kuboku yarışlarına həsr olunan markanın “Ayın ən orijinal markası” seçilməsi ilə bağlı məqalənin tam mətni “Unificato” səhifəsi ilə yanaşı, jurnalın aprel sayında da yer alıb.

Məqalədə markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və dünya kubokuna ev sahibliyi edən “Qız qalası”nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın Piza qülləsi, Fransanın Eyfel qülləsi, Londonun Biq Beni, Rusiyanın Kreml qülləsi, Hindistanın Ranqanatxi məbədi, ABŞ-ın Azadlıq heykəlinin yer alması da vurğulanır.

Məlumat üçün bildirək ki, “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markanın rəssamı Xasay Mirzəyevdir. Ofset üsulu ilə çap edilmiş markanın tirajı 5 min olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR