Rusiya aviasiyası Suriyada yeni raketlərdən istifadə edib

Rusiya aviasiyası Suriyada yeni raketlərdən istifadə edib
# 06 oktyabr 2016 11:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya strateji aviasiyası Suriyada ilk dəfə yeni nəsil X-101 hava-yer raketindən istifadə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyadakı hərbi əməliyyatlara həsr olunan hərbi-texniki konfransda bildirib.

”Xəzər və Aralıq dənizi akvatoriyalarında suüstü və sualtı hərbi gəmilərdən uzaq məsafəyə atılan yüksək dəqiqlikli silahlardan atəş açılması təcrübəsi qazanılıb. Strateji aviasiyanın təyyarələri ilk dəfə döyüş vəziyyətində 4,5 km məsafədə hədəfi vura bilən yeni X-101 raketini tətbiq edib", -deyə Rusiya müdafiə naziri qeyd edib.

S. Şoyqu müasir Rusiya silahlarının Suriyada səhrada çətin şəraitdə sınaqdan keçirildiyini, effektli və etibarlı nəticələr əldə olunduğunu söyləyib: "Silahlı Qüvvələrimizin Suriyada hərbi əməliyyatlara başlamasından bir il keçib. Bu müddət ərzində ölkədə vəziyyəti sabitləşdirməyə, Suriya ərazisinin əhəmiyyətli hissəsini beynəlxalq terrorçulardan təmizləməyə nail olunub".

Nazir onu da bildirib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyatları zamanı terrorçuların toplaşdığı yerlərə və infrastruktura zərbələr endirilib, Suriya vətəndaşlarına humanitar yüklər çatdırılıb.



Qeyd edək ki, Rusiya aviasiyası 2015-ci ilin sentyabrın 30-da Suriyada hərbi əməliyyatlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR