Azərbaycan prezidenti: “Biz bütün çağırışlara hazırıq”

Azərbaycan prezidenti: “Biz bütün çağırışlara hazırıq”
# 09 may 2016 20:29 (UTC +04:00)

Bakı-APA. “Heydər Əliyev siyasəti 2003-cü ildən sonra Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, son illərin təcrübəsi onu göstərir ki, yalnız bu yolla ölkəmiz və xalqımız irəli gedə bilər: “Biz ulu öndərin siyasi irsinə sadiqik, onu siyasətini davam etdirir, zənginləşdiririk. Təbii ki, vəziyyət, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxtı mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyimizin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut edib. Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb və cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişaf yolları ilə bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Bu gün xalq-iqtidar birliyi bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas faktorudur. İctimai-siyasi sabitlik göydən düşmür, buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət xalqın tələblərinə, ümidlərinə cavab verir. Bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR