Ucarda çörəyin çəkisində azalma müşahidə olunur

Ucarda çörəyin çəkisində azalma müşahidə olunur
# 03 iyun 2016 14:53 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda çörəyin çəkisində azalma müşahidə olunur.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanda buğda ununun, çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması Ucar rayonunda unun qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, rayonda 50 kq bir kisə un son günlər növündən asılı olaraq 23 - 23,5 manata təklif olunur.

Çörəyin qiymətində artım olmasa da, çəkisində azalma müşahidə olunur. Rayonda bəzi çörəkbişirmə sexlərində, xüsusilə Oğuz küçəsində və Bərgüşad kəndində yerləşən çörəkbişirmə sexlərində çörəyin çəkisi 50-100 qram azaldılaraq 400-450 qrama endirilib. Bu çörəkbişirmə sexlərində, o cümlədən Azərbaycan küçəsində və Qazyan kəndindəki marketlərdə əvvəllər 500 qramlıq zavod çörəyi 30 qəpiyə təklif olunurdusa, son günlər eyni qiymətə 400-450 qramlıq çörək almaq mümkündür. Bu isə alıcıların, o cümlədən satıcıların etirazına səbəb olur.

Sahibkarlar çörəyin çəkisinin aşağı düşməsinə səbəb kimi çörək bişirmək üçün undan əlavə lazım olan digər qatqıların baha olmasını göstərir.

Ucar Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, çörəyin keyfiyyəti və çəkisinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.

“Bununla belə, bizə daxil olan bütün rəsmi müraciətlərə baxılacaq və bu məsələlər araşdırılacaq”, - deyə qurumdan bildirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, qaldırılan məsələ ilə bağlı quruma müraciət daxil olmayıb. "Bununla belə, sözügedən məsələ araşdırılacaq", - deyə qurum rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR