Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb
# 12 may 2016 15:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək hüququna 2016-ci il may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 13-18 may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər. Test imtahanı mayın 22-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 24-də saat 15:00-da keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il 27 və 29 iyunda aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR