Prezident: “Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”

Prezident: “Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”
# 25 iyun 2016 19:42 (UTC +04:00)

Bakı-APA. “Azərbaycanda hərbi sənaye kompleksi sürətlə inkişaf edir. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, həm də biz artıq xarici bazarlara da çıxmışıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, Bakıda keçirilmiş hərbi sərgi bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb: “Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdi. Azərbaycan onlardan bir hissəsini artıq əldə edib. Beləliklə, müxtəlif ölkələrdə ənənəvi olaraq keçirilən hərbi sərgilərlə yanaşı Azərbaycan da bu sahədə öz imzasını qoyub”.

Prezident İlham Əliyev bildirib ki, müxtəlif yerlərdə müharibələrdə, toqquşmalarda müşahidə olunan mənzərə ondan ibarətdir ki, texnoloji inkişaf, texniki tərəqqi digər amillərlə bərabər hərbi üstünlüyü təmin edir: " Ona görə də Azərbaycana gətirilən silah, sursat, texnika ən yüksək texnoloji səviyyəyə cavab verir. Mən bu yaxınlarda maddi-texniki təminatı daha da yaxşılaşdırmaq üçün müvafiq göstərişlər vermişəm".

Dövlət başçısı deyib ki, Azərbaycanın kifayət qədər maddi imkanlanı var, müxtəlif ölkələrdən hərbi texnika, silah alır: "Bir mənbədən asılı deyilik. Bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Gələcəkdə də çalışmalıyıq ki, Azərbaycan ordusuna ən müasir texnika və silahı gətirək. Hərbçilərimiz də təlimlər keçərək, bu texnikadan istifadə etmək sahəsində böyük peşəkarlığa malikdirlər. Son vaxtlar təmas xəttində baş verənlər də bunu təsdiqlədi”.

Dövlət başçısı qeyd edib ki, ordunun döyüş qabiliyyətində əsgər və zabitlərin döyüş ruhu da böyük yer tutur: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu güclü ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti artır, mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Mən son illər dəfələrlə bəyan etmişdim ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR