Almaniyada Xocalı faciəsi və erməni təcavüzü müzakirə olunub

Almaniyada Xocalı faciəsi və erməni təcavüzü müzakirə olunub
# 26 fevral 2016 15:56 (UTC +04:00)

Bakı-APA. Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri” adlı dördüncü simpozium keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq Xocalı soyqırımının ildönümü münasibətilə artıq dördüncü ildir ki keçirilən simpozium Azərbaycan səfirliyi, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyəti, Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer post-sovet məkanında mövcud olan ərazi münaqişələrinin məhz Ermənistan-Azərbaycan münaqişəsi ilə başladığını, Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq işğal olunduğunu qeyd edib.

Səfir Pərviz Şahbazov çıxış edərək tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəraitdə yaşadığı, öz tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya səs salan Azərbaycanın öz qonşusu tərəfindən təcavüzə məruz qalması, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliam, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb.

Almaniya Bundestaqının deputatı, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici siyasət məsələləri üzrə rəhbəri Frants Yozef Yunq Azərbaycan və Almaniya arasında münasibətlərin bütün sahələrdə, o cümlədən hökumətlərarası və parlamentlərarası səviyyədə uğurla inkişaf etdiyini, AFR Kansleri xanım Anqela Merkel və Azərbaycan prezidenti İlham Əliyev arasında ötən il baş tutmuş görüşün bu münasibətlərin inkişafında oynadığı rolu vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsindən danışan alman millət vəkili 24 il əvvəl Xocalıda yüzlərlə insanın qətlə yetirilməsini dəhşətli faciə adlandırıb. Frants Yozef Yunq Azərbaycanda mövcud olan tolerantlıq mühitini bütün region üçün nümunə olduğunu vurğulayıb.

Almaniya müdafiə nazirinin müavini Ralf Brauksipe çıxış edərək Xocalı faciəsini Azərbaycan üçün “açıq yara” adlandırıb və bildirib ki, Almaniya həm ATƏT sədri olaraq Minsk qrupu çərçivəsində, həm də Avropa İttifaqı vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə töhfə verməyə çalışır. Münaqişənin həllinin yalnız beynəlxalq hüququn prinsipləri əsasında mümkün olduğunu vurğulayan natiq Azərbaycanın uğurlu inkişafının bu münaqişənin həllinə imkan yaratdığını qeyd edib. Ralf Brauksipe əlavə edib ki, Azərbaycanın öz imkanlarını həm də regionda inkişafa nail olmaq üçün sərf etməsi yüksək qiymətləndirilməlidir.

Çıxışlardan sonra Almaniya Bundestaqının və Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirəsi keçirilib. Müzakirəyə tanınmış alman publisist və jurnalist Rixard Kisler moderatorluq edib.

ATƏT-in Parlament Assambleyasının üzvü, Bundestaqın Sosial Demokratlar fraksiyasının büdcə məsələləri üzrə sözçüsü Yohannes Kars bildirib ki, Almaniya hazırda ATƏT sədri olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün bütün tərəflərin iştirakı ilə bir hərəkətliyin yaranmasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün addımlar atılmasına çalışmalıdır.

Alman millət vəkili, Almaniyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmanın yolverilməzliyini vurğulayıb və Minsk qrupunun həmsədrlərinin münaqişənin son zamanlar AŞPA-da müzakirəsinə etiraz etməsini tənqid edib.

Almaniya Bundestaqının Solçular fraksiyasının idman siyasəti məsələlər üzrə sözçüsü və icraçı katibi Andre Han Qərbin Azərbaycana münasibətdə Ukraynada buraxdığı səhvləri təkrarlamamasının vacibliyini vurğulayıb. Alman millət vəkili Azərbaycanda olan inkişafı yüksək qiymətləndirib və ona qarşı ikili standartlı yanaşmaya son qoymağa çağırıb.

Almaniya Bundestaqının İqtisadiyyat və Enerji komitəsinin üzvü Mark Hauptman mürəkkəb regionda yerləşən Azərbaycanın Avropa ilə əməkdaşlığa əhəmiyyət verdiyini, Avropanın da qarşılığında Azərbaycana hər zaman dəstək verməli olduğunu vurğulayıb. Millət vəkili Azərbaycandakı inkişafın alman şirkətlərində böyük maraq doğurduğunu, ölkəmizdə ASAN Xidmət nümunəsində yaxşı idarəçilik və şəffaflığın təmin olunmasını bir sıra ölkələr, o cümlədən Almaniya üçün nümunə olduğunu qeyd edib.

Azərbaycan Milli Məclisinin Gənclər və İdman komitəsinin sədri, Almaniya-Azərbaycan parlamentlərarası qrupunun üzvü Fuad Muradov Xocalı faciəsinin yad edilməsində məqsədin Azərbaycanda qisasçılıq hisslərinin aşılanması deyil, əksinə insanlığa qarşı bu cür cinayətlərin bir daha baş verməsinin qarşısını almaq olduğunu vurğulayıb. Millət vəkili Almaniya tərəfinin Almaniya Bundestaqının 2009-cu ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Almaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Rövşən Rzayev çıxış edərək təmsil etdiyi Dağlıq Qarabağın Azərbaycanlı İcması adından alman siyasətçilərə münaqişənin həllində göstərdikləri dəstəyə görə təşəkkür edib.

Daha sonra simpoziumda Dağlıq Qarabağ münaqişəsinə dair Almaniyada nəşr olunmuş Zigen universitetinin Siyasi elmlər fakültəsinin professoru Rüdiger Kipkenin müəllifi olduğu “Cənubi Qafqaz münaqişə ocağı – Azərbaycan rus (sovet) və erməni maraqlarının fokusunda” və Boxum Rur Universitetinin Sülh və silahlı münaqişələr üzrə beynəlxalq hüquq institutunun rəhbəri, professor Hans Yoaxim Hayntsenin müəllifi olduğu “Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması” adlı kitabların təqdimatı keçirilib, Potsdam Universitetinin İqtisadi və sosial elmlər fakültəsinin professoru Vilfrid Furmanın aparıcılığı ilə sözügedən kitablar haqqında onların müəllifləri ilə müzakirə edilib.

Tarixçi alim Rüdiqer Kipke çar Rusiyası zamanında ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, onların xüsusilə İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilməsi nəticəsində bu bölgələrdə əhalinin milli tərkibinin ciddi şəkildə dəyişdirilməsi barədə məlumat verib. Professor Kipke bəzi tarix ədəbiyyatlarında faktların saxtalaşdırılaraq, guya Sovet İttifaqının Dağlıq Qarabağı Ermənistandan qopararaq Azərbaycana verməsinin iddia edilməsinin yanlış olduğunu, əslində Kommunist Partiyasının Qafqaz Bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in ərazisində saxlanmasından söhbət getdiyini vurğulayıb.

Beynəlxalq hüquq üzrə mütəxəssis Hans Yoaxim Hayntse xalqların öz müqəddəratını həll etmək hüququnun Dağlıq Qarabağ ermənilərinə şamil edilə bilməməsini hüquqi arqumentlərlə əsaslandırıb. Professor Hayntse bildirib ki, erməni xalqı öz müqəddəratını artıq Ermənistan dövlətini yaratmaqla həll edib. Belə olan halda Azərbaycanda yaşayan ermənilər xalq deyil, milli azlıq hesab edilə və milli azlığa məxsus olan hüquqlardan yararlana bilərlər.

Simpoziuma Almaniya hökumətinin yüksək rütbəli təmsilçiləri, Almaniya Bundestaqının və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun və mətbuat nümayəndələri, ümumilikdə 200-ə qədər iştirakçı qatılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR