SOCAR və onun müəssisələrində 7500 nəfərdən çox şəxs müvəqqəti işlə təmin olunub

SOCAR və onun müəssisələrində 7500 nəfərdən çox şəxs müvəqqəti işlə təmin olunub
# 02 mart 2016 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-conomics. Azərbaycan prezidenti İlham Əliyevin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması haqqında tapşırığının icrası ilə əlaqədar ölkəmizin ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü işlər aparılır.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılmış, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilmiş və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə Nazirliyin regionlardakı Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçirilir.

Vakansiyalar əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Qaz İxrac” və Nəqliyyat İdarələrini, eləcə də şirkətin təsisçiliyi ilə yaradılmış Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib. Cari il mart ayının 1-ə kimi SOCAR üzrə ümumilikdə 7 541 nəfər, o cümlədən “Azəriqaz” İB üzrə 5 357, “Qaz İxrac” İdarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub. SOCAR üzrə ümumi işlə təmin olunan 7 541 nəfərin 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Bakının Qaradağ rayonu (432 nəfər), Gəncə şəhəri (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) rayonları iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqləniblər.

Ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni-yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR