Los Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb

Los Ancelesdə Azərbaycana dair sənədli filmlər ekranlaşdırılıb
# 27 aprel 2016 08:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır. Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətliə ölkəmizin tarixi-mədəni irsinə, təbiətinə vizual səyahət edir.

Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.

Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır.

Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR