Prezident İlham Əliyev ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri ilə görüşüb

Prezident İlham Əliyev ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri ilə görüşüb
# 31 mart 2016 20:50 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb.

APA-nın xəbərinə görə, Con Rays Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi məhsuldar görüşlərin maraqla izlənildiyini deyib. O, “General Electric”-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verib, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirib. Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğulayıb. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR