İlin əvvəlindən Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb

İlin əvvəlindən Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb
# 15 sentyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, birlik tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birlik tərəfindən bu ilin 8 ayı ərzində 7 962 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 377 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 170 yaşayış məntəqəsi qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR