“Günəşli” yatağında dərin dəniz özülü istismara verilib

“Günəşli” yatağında dərin dəniz özülü istismara verilib
# 14 mart 2016 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimində iştirak edeib. SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, R. Abdullayev əvvəlcə, özüldə çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Özülə baxış keçirən şirkət prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür. Bu özülün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, tikintisi isə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül “Günəşli” yatağının şərqindəki tağyanı sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir. 9683,1 tonluq piramidaşəkilli dayaq blokunun hündürlüyü 151 metrdir. Üst tikililər isə 1872 ton ağırlığında göyərtədən və ümumilikdə 3561 ton çəkiyə malik 14 ədəd moduldan ibarətdir. Platformanın ümumi çəkisi isə 25331,5 tondur. 1 ədəd vertolyot meydançasının və 2 ədəd gəmi yanalma meydançasının quraşdırıldığı özüldə işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilmişdir. Özül “HAK” tipli qaldırıcı kranlar, xilasedici qayıqlar, su təchizatı, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilmiş, radioəlaqə və avtomatika işləri yerinə yetirilmişdir. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilmişdir. İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilmişdir. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. Bildirilmişdir ki, özülün enerji ilə təchizatı hazırda 8 saylı dərin dəniz özülündən çəkilmiş 6 kV-luq sualtı kabel xətti vasitəsilə təmin olunur. Gələcəkdə, özülün elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə alternativ olaraq “Günəşli” yatağındakı 2 və 19 saylı özüllərlə də 6 kV-luq sualtı kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, neftin və qazın nəqli üçün əlavə olaraq 14 və 19 saylı özüllərə qədər müvafiq təyinatlı sualtı neft, qaz və su boru kəmərlərinin çəkilməsi, texnoloji xətlərin quraşdırılması da planlaşdırılır.

Qeyd olunub ki, özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək. Bunlardan biri ZJ 70/4500 DZ tipli Çin istehsalı olan qazma kompleksidir. İkincisi - Almaniya istehsalı olan Bentec 3000HP AC modul tipli qurğu isə yeni nəsil qazma avadanlığıdır və onun imkanları daha böyükdür: qurğu vasitəsi ilə 8-9 min metr dərinliyə maili quyuların qazılması mümkündür. 7 saylı özüldə 6 qaz, 14 neft quyusunun qazılması nəzərdə tutulub. Geoloqların hesablamalarına görə, neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil ediləcək.

Görülmüş işlərdən razılığını bildirən R. Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb. Daha sonra R. Abdullayev neftçilər qarşısında çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlərdən danışıb, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb. Obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirən şirkət rəhbəri ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR