Bu ilin 10 ayında “PAŞA Həyat”ın sığorta daxilolmaları 48 milyon manat təşkil edib

Bu ilin 10 ayında “PAŞA Həyat”ın sığorta daxilolmaları 48 milyon manat təşkil edib
# 27 noyabr 2015 08:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti cari ilin yanvar-oktyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “PAŞA Həyat”ın əsas maliyyə göstəricilərində yüksək inkişaf meylləri davam etdirilib.

Belə ki, 2015-ci ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 47,992 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,56% çox olub. Bu ilin 10 ayında topladığı sığorta haqlarının həcminə görə “PAŞA Həyat” 49% payla Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,33 dəfə artaraq 8,169 mln. manat təşkil edib.

Baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta növləri üzrə 0,975 mln manat, könüllü həyat sığortası növləri üzrə isə 7,194 mln. manat həcmində ödənişlər olub. Ümumi sığorta ödənişlərində icbarı sığorta növləri üzrə verilən sığorta ödənişlərinin xüsusi çəkisi 11,9%, könüllü sığorta növlərinə aid ödənişlərin həcmi isə 88,1% təşkil edib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR