Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Avqust
# 10 avqust 2016 18:21 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə-Rusiya yaxınlaşması Avrasiya regionunda qüvvələr balansını yenidən formalaşdırır. Bir tərəfdən Türkiyənin də qatılması ilə Rusiya-İran-Çin bloku güclənmiş olur, digər tərəfdən amerikançı ərəb blokunun mövqeləri zəifləyir. Durum Türkiyə qarşısında yeni mənzərə açır: dünənə kimi Türkiyənin müttəfiqi olan, özəlliklə Suriya məsələsində əlbir hərəkət edən Səudiyyə Ərəbistanı və satellit ərəb ölkələri artıq Ankara ilə rəqibdir. Türkiyə Suriya məsələsində, xüsusilə Əsədin gələcəyi ilə bağlı mövqeyini Rusiya və İranla uzlaşdırmalı olsa, Səudiyyənin qismində özünə düşmən qazanmış olacaq. Türkiyə iqtisadiyyatında ciddi ərəb kapitalının dolaşdığını nəzərə alsaq, bu düşmən münasibətlərin Ankara üçün ciddi problemlər yaradacağı şəksizdir. Türkiyənin problemləri kompensasiya etmək üçün yeni müttəfiqlərin köməyinə ehtiyacı çox olacaq. İkinci bir məqam yeni dostların dostları ilə, məsələn Ermənistanla münasibətlərin necə qurulacağıdır. Nəzərə alsaq ki, Türkiyə-Rusiya münasibətlərində diktə edən tərəf hələlik Rusiyadır, o zaman Türkiyənin Ermənistan siyasətinin də Moskvanın maraqlarına uyğun qurulacağı ehtimalı böyükdür. Sankt-Peterburq görüşündə Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə baxışları da müzakirə olunmamış deyil. Prezident Ərdoğanın üçtərəfli format yaratmaq təklifi bu müzakirələrin nəticəsi kimi ortaya çıxa bilər. Putinin Azərbaycana, Ərdoğanın Sankt-Peterburqa səfərinin ardınca Sərkisyanın Moskvaya çağırılması nəzərdən qaçırılmamalıdır. Regionda gedən dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirini bu kontekstdə dəyərləndirmək lazımdır.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR